Musiqi Muzeyləri
və Kolleksiyaları Assosiasiyasının Bakı
görüşü
İyunun 13-də Bakıda Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının işgüzar görüşü başlayıb. Ayın 15-dək davam edəcək görüşdə Rusiya, Almaniya, Latviya, Niderland və Qazaxıstandan muzey nümayəndələri iştirak edir. Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Rusiyanın Mədəniyyət Nazirliyi, “Rossotrudniçestvo” agentliyi və Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi tərəfindən təşkil edilib.
Nazir muzey əməkdaşlığı
barədə tövsiyələrini bildirdi
İyunun 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının prezidenti, M.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeylər Birliyinin baş direktoru Mixail Brızqalovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Qonaqlar ölkəmizlə bağlı təəssüratlarını, gün ərzində tanış olduqları muzeylərimiz haqda fikirlərini bölüşdülər.
Mixail Brızqalov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, assosiasiyada birləşən muzeylər barədə məlumat verdi, görüşdə iştirak edən muzey direktorlarını nazirə təqdim etdi. İşçi görüşünün proqramına daxil olan mövzular haqqında danışan təşkilat rəhbəri Beynəlxalq Muzeylər Şurasında (İCOM) musiqi və teatr muzeylərinin beynəlxalq komitəsinin yaradılması, Assosiasiyaya üzv muzeylərin İCOM-a daxil olması ilə bağlı fikirlərini bildirdi.
Nazir Əbülfəs Qarayev qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, muzeylər arasında əməkdaşlıq, eksponatların mübadiləsi və s. məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırdı, İCOM-a üzvlüklə bağlı tövsiyələrini bildirdi.
Görüşdə iştirak edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Rusiya və dünya musiqi muzeyləri ilə qurulan əlaqələr, əməkdaşlıq layihələri barədə məlumat verdi.
Çıxışlarda muzeylərdə ekspozisiya, sərgi işinin müasir metodları, Avropa musiqi muzeylərinin təcrübəsindən istifadə, muzey işi sahəsində problemlərdən də söz açıldı.
“Azərbaycan-Rusiya: musiqi paralelləri”
İyunun 13-də Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının Bakı görüşü çərçivəsində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Azərbaycan-Rusiya: musiqi paralelləri” adlı sərgi açıldı. Sərgi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən təşkil edilib.
Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov sərginin Azərbaycanla Rusiya arasında çoxəsrlik mədəni əlaqələrin davamı kimi təqdirəlayiq hadisə olduğunu vurğuladı. Tədbirin hər iki dövlət üçün əlamətdar olan bir dövrə - dövlət bayramları ilə bir vaxta təsadüf etdiyini diqqətə çatdırdı.
Sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi, Böyük Teatr Dövlət Muzeyi, A.N.Skryabinin xatirə muzeyi, Belarusun Teatr Tarixi və Musiqi Mədəniyyəti Muzeyi, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası Dövlət Muzeyi, E.F.Qnesinanın ev-muzeyinin materialları təqdim olunur. Nümayiş olunan eksponatlar sübut edir ki, mövzu təsadüfi seçilməyib. Çünki tamaşaçılar Rusiya muzeyində saxlanılan Azərbaycan musiqi mədəniyyətinə aid materiallarla və əksinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rusiya musiqi mədəniyyətinə aid materiallarla tanış olmaq imkanı əldə etmişdilər.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Valentin Denisov sərginin məhz bu məkanda keçirilməsindən böyük qürur duyduğunu bildirdi. Mədəniyyəti qoruyaraq gələcək nəsillərə ötürən muzey işçilərinin bir araya toplanmasını bu sahədə çalışan insanların böyük uğuru kimi qiymətləndirdi.
Tədbirdə Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev, Umberto Cordano adına opera müğənnilərinin beynəlxalq müsabiqəsinin laureatı Anna Dyaçkovskaya, Rusiya Federasiyası Saxa Respublikasının Əməkdar artisti, Yakutiya xalqlarının musiqisi və folkloru muzeyinin direktoru Aiza Reşetnikova, beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasova və digərlərinin ifasında konsert proqramı təqdim edildi.
Niyazinin ev-muzeyində musiqili
görüş
Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının işgüzar görüşünün iştirakçıları iyunun 13-də Niyazinin ev-muzeyində olublar. Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova qonaqları musiqi ilə salamlayıb.
Qonaqlara böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin ev-muzeyinin yaradılması tarixi, onun yaradıcılığı və Azərbaycan musiqisinin inkişafına töhfəsi barədə məlumat verilib.
Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyasının prezidenti, M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeylər Birliyinin baş direktoru Mixail Brızqalov qurumun fəaliyyət istiqamətləri haqqında məruzə ilə çıxış edib.
Lalə Azəri
Mədəniyyət.- 2013.- 14 iyun.-
S. 2.